|
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən məhkəmə hüquq islahatlarının ilkin nəticəsi kimi ölkədə ilk dəfə olaraq birinci, apellyasiya və kassasiya instansiyalarından ibarət üçpilləli müstəqil məhkəmə sistemi yaradılmışdır. Azərbaycan Respublikasında ədalət mühakiməsini Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan aşağıdakı məhkəmələr həyata keçirirlər: Rayon (şəhər) məhkəmələri; Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının məhkəməsi Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikasının məhkəməsi; Hərbi məhkəmələr; Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının hərbi məhkəməsi Yerli iqtisad məhkəmələri; Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi; Apellyasiya məhkəmələri; Azərbaycan Respublikasının Ali Məhkəməsi Azərbaycan Respublikasının hər bir məhkəməsi müstəqil hüquqi şəxsdir və onun Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürü vardır. Rayon (şəhər) məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət işlərinə, inzibati xətalara dair və digər işlərə baxır. Ağır cinayətlərə dair işlər üzrə məhkəmə birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş cinayət işlərinə baxır. Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikasının məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş cinayət işlərinə baxır. Hərbi məhkəmə birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş cinayət işlərinə baxır. Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmə birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş cinayət işlərinə baxır. Yerli iqtisad məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş iqtisadi mübahisələrə dair işlərə baxır. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi Naxçıvan Respublikasının ali məhkəmə orqanı olmaqla qanunla müəyyən edilmiş qaydada ədalət mühakiməsini həyata keçirir. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi qanunla səlahiyyətlərinə aid edilmiş işlər üzrə apellyasiya instansiyası məhkəməsidir. Azərbaycan Respublikası Konstitusiyasının 132-ci maddəsinin ı hissəsinə müvafiq olaraq apellyasiya məhkəməsi mülki, iqtisadi mübahisələrə dair, cinayət və inzibati xətalara dair işlər üzrə yuxarı instansiya məhkəməsidir. Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinə uyğun olaraq Ali Məhkəmə ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid olan mülki (o cümlədən iqtisadi mübahisələrə dair), cinayət işləri və digər işlər üzrə ali məhkəmə orqanıdır. Ali Məhkəmə kassasiya instansiyası məhkəməsi kimi qanunla müəyyən edilmiş prosessual qaydada ədalət mühakiməsini həyata keçirir. |